Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Bakıdakı qohumlar soruşur ki, subaysan, ya evli?” - Tağıyevin nəticəsi

16830 Baxış sayı / 01-11-2019 16:02

Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Alban Klod Azərbaycanda səfərdədir.

Bir neçə gündür paytaxtda qonaq olan Alban Azərbaycan KİV nümayəndələri ilə bir araya gələrək onların suallarını cavablandırıb. 

Əvvəlcə Alban qeyd edib ki, babası Sadiq onlara H.Z. Tağıyev və Azərbaycan haqqında heç bir məlumat verməyib. Lakin Alban babası dünyasını dəyişdikdən sonra otağından qutular tapıb və Bakı barədə məlumatlar əldə edib: "Mən də şübhələnirdim ki, niyə görə o, doğulduğu, bağlı olduğu məmləkət barədə danışmayıb? Babam öldükdən sonra otağından bir neçə qutu tapdım. Həmin qutularda bəzi məlumatlar, şəkillər gördüm. Bundan sonra əmin oldum ki, bizim ailəmiz Azərbaycan tarixinin ürək hissəsi olub. Təkcə Tağıyev yox, Mirzə Fətəli Axundzadə, Qacarlar haqqında qutulardan məlumatlar tapdım. Motivasiya yarandı və daha yaxşı araşdırma aparmağa başladım.

Ailəmizdən, valideynlərimdən çox Azərbaycan tarixini ən yaxşı mən bilirəm. Özüm tarixşünasam. Bu səbəblərdən Azərbaycana gəldim. İlk səfərimdir. Bakının tarixi və müasir yerlərində oldum. Şəhərin həmahəngini gördüm. Bu şəhərin şarmı var. Çox adam deyirdi ki, Bakı Dubay kimidir. Amma belə deyil. Burada dərin tarix var. Binaların hər daşının altında tarix yatır.  Ona görə də, buranı çox sevirəm. İranda, Türkiyədə olmuşam. Mətbəxləri bir az yaxındır. Buranın yeməklərini isə çox sevirəm. Çox üzr istəyirəm ki, Azərbaycan dilində danışa bilmirəm. Amma söz verirəm ki, öz ölkəmdə Azərbaycan dilini öyrənəcəm və sizinlə yenidən görüşdükdə həmin dildə danışacam".

A.Klod artıq Azərbaycan haqqında kitab yazmağa başladığını qeyd edib: "Sadəcə tarixi kitab yazmaq çox çətindir. Tarixdən danışırıqsa, bunun araşdırması çox olmalıdır. Tarixi Azərbaycan tarixi, "Əli və Nino" kitabından öyrənirəm. "Əli və Nino"da gedən dialoqlar həqiqətən ailə üzvlərimlə bağlıdır və bundan bəhs edilir. Ümumiyyətlə, tarix kitablarında boşluqlar var, dolğun məlumat tapmaq olmur. Kommunizmdən dolayıdır. Bakıya gələndən sonra məlumatlar əldə etmişəm və yazdığım kitabda dəyişikliklər edəcəm. Bir kitabı bitirmək çox çətindir". 

Bundan əlavə o, Bakıda ucaldılacaq Tağıyevin heykəli barədə də danışıb: "H. Z. Tağıyevin Bakıda qohumlarından maraqlandım. Mənə dedilər ki, onun heykəlinin qoyulması barədə layihə var. İçərişəhər metrostansiyanın yanında qoyulması nəzərdə tutulub. Bunu eşitmək mənə xoş oldu. Belə vacib insana niyə görə heykəl qoyulmayıb? Dizaynı da görmüşəm, çox bəyənmişəm. Onun adına bəlkə də, məktəb var, xəbərim yoxdur. Amma Tağıyev adını daşıyan bir məktəbin olması xoş olardı. Çünki o, təhsilə önəm verir. Bizim nəsil təhsilli olub.Tağıyevin dediyi kimi, hər hansı bir insan mal-dövlətini, pulunu itirsə də, qazandığı təhsili itirməyəcək. O təhsillə həyatını yenidən qura bilər". 

Alban Fransada yaşayan ailəsindən də bəhs edib. O, bir neçə gün bundan əvvəl Bakıda qohumları ilə görüşdüyünü vurğulayıb: "Özümün 25 yaşım var. Ailəmə hər zaman Fransada Azərbaycan haqqında danışıram. Anama, dayıma bu barədə məlumat verirəm. Çünki onlardan Azərbaycan qanı axır. Anam artıq alışıb, məndən çox bağlanmağa başlayıb. Valideynlər yaşlıdırlar, yaşları 70-i keçib. Anam dedi ki, Bakını gör, mən də Azərbaycana gələcəyəm. Bundan əlavə, bir qardaş və bir bacım var. Qardaşım azərbaycanlılara çox oxşayır. Evin kiçik övladıyam. Bakıdakı qohumlarımız mənimlə evlilik barədə danışıblar. Soruşurlar ki, subaysan, ya evli? Bakıda Nazim Abdullayev adlı qohumuz var. Bir neçə gün əvvəl onların evində idim. Biz "facebook" vasitəsi ilə bir-birimizi tapdıq və fotolar atmağa başladıq. Bundan sonra əmin olduq ki, eyni nəsildənik. Bütün qohumlar ora yığılmışdı, xoş qarşıladılar. Fransada yaşayan qohumlarım övladlarına Azərbaycan adları qoymayıblar. Lakin dayım təkcə soyadını, yəni Qacarı saxlayıb".  

Messenatın nəticəsi səfil şəkildə dünyasını dəyişən Tağıyevin qızı Sara barədə də suallara cavab verib: "Sara haqqında məlumatım var. Saranı nümunə gətirərək demək istəyirəm ki, hər kəs fərdi olaraq öz ölkəsinin tarixi barədə məsuliyyət daşımalıdır. Sara da məsuliyyətli biri idi. O, heç kəs olmadan Tağıyev barədə daim danışırdı, onu sanki hər kəsə təqdim edirdi. Saranın sayəsində Tağıyev siması daha çox üzə çıxmağa başladı. Eyni şeyi gərək hamımız edək". 

Alban Tağıyevin nümunəvi bir şəxsiyyət olduğunu xatırladıb: "Mən araşdırma apardıqdan sonra bir çox şey öyrənmişəm. Xüsusilə ailəm Tağıyev haqqında danışırdı. Onlar sanki Tağıyev yox, bütün Azərbaycan milləti üçün xas olan xasiyyətlərdən danışıblar. Tağıyev bir az şikayətlənən insan olub. Sözün yaxşı mənasında... Hər şeyi qaydasına salmağa çalışırdı. Komunistlər onun əlindən hər şeyi alanda heç də kədərlənməmişdi. Bunun qismət olduğunu bildirirdi. O, filosof kimi bir nümunə olub". 

Xatırladaq ki, hər zaman ictimai həyatda fərqlənən, insanların sosial həyatında yaxından iştirak edən, Azərbaycanın nüfuzunun yüksəldilməsi və dünya miqyasından tanıdılmasında yaxından iştirak edən şəxslərin, eyni zamanda Azərbaycanı özünə dost bilən xarici ölkə vətəndaşlarının mükafatlandırılmasını həyata keçirən və 20 ildir fəaliyyət göstərən "Dədə Qorqud" Milli Fondu "Hacı Zeynalabidin Tağıyev Ordeni" təsis edib. Fondun rəhbəri Eldar İsmayılın bildirdiyinə görə, bu orden xeyriyyəçilik işləri həyata keçirən şəxslərə verilməsi nəzərdə tutulub: "Bildiyiniz kimi, bizim ilk ordenimiz "Vətən övladı"dır. Bu orden ictimaiyyətin müxtəlif təbəqələrində fərqlənən insanlara verilib. Amma biz - Fondun Ağsaqqallar Şurası qərara aldıq ki, xeyriyyəçilik missiyasını üzərinə götürmüş insanlara diqqət ayıraq. Bizdə bir misal var: "Əl tutmaq Əlidən qalıb." Yardımlaşma bizim millətin, xalqın soyunda var və bu ənənə davam etdirilməlidir. Buna görə də xeyirxah əməlləri ilə tanınan, insanlıq və millət sevgisinin daşıyıcısı, sözü, əməli və xidməti ilə nümunə olan, millət atası Hacı Zeynalbdin Tağıyevin adına orden tətsis etdik. Xalqımızın layiqli övladları Tağıyevin yolunu davam etdirir, ümidvarıq ki, bundan sonra da davam etdirəcək. Bizdən boynumuza vəzifə olaraq belə şəxsləri mükafatlandıracağıq."



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru