Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Bələdiyyə idarəetmə sistemi demokratiyanın təməlidir

308 Baxış sayı / 15-02-2019 11:44

Sabir Dadaşov: “Azərbaycan tarixində ilk dəfə bələdiyyə haqqında qanunun müəllifi görkəmli elm xadimi, professor, Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının qurucularından biri Zahid Qaralov olmuşdur”

Müasir dünyanın inkişafında demokratik cəmiyyətin təməl prinsiplərindən biri də yerli özünü idarəetmə, yəni bələdiyyələrin roludur. Azərbaycan dövlət müstəqilliyinə qovuşandan və Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, bələdiyyələrin yaradılması ölkədə demokratik institutsional struktura çevrildi. Bakı şəhəri, Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin sədr müavini, ictimai xadim və tanınmış peşəkar bələdiyyə mütəxəssisi Sabir Dadaşovla bu məsələlərə aydınlıq gətirilməsi üçün onunla görüşdük. 

 

– Sabir müəllim xoş gördük sizi. Bələdiyyələr haqqında nə deyə bilərsiniz? 

– Bu barədə ilk dəfə Milli Məclisdəki deputat qrupu tərəfindən təşəbbüs irəli sürüldü. Daha sonra, qanun layihəsi hazırlandı. Hətta regional məsələlər üzrə daimi komissiya yaradıldı. Komissiyanın sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının qurucularından biri və görkəmli alim Zahid Qaralov seçildi. Zahid müəllim dönməz iradəyə, yüksək səviyyəyə malik bir şəxsiyyət idi. O, beynəlxalq təcrübə ilə yanaşı, ölkəmizin yerli xüsusiyyətlərini nəzərə alaraq bələdiyyələr haqqında qanun layihəsini hazırladı. Beləliklə də ölkəmizdə ilk dəfə olaraq 1999-cu ildə bələdiyyələr haqqında qanun qəbul edildi. Yerli özünü idarəetmə dövlət quruculuğu və demokratik dəyərlərə söykənən ən yüksək və ali dəyərlərdən ibarət qanun sistemidir.

– Bu gün bələdiyyələrin işindən razısınızmı? 

– Bu gün bələdiyyələrin sosial-iqtisadi yönümlü layihələrdə iştirakı çox təqdirəlayiqdir. Əgər hər bir vətəndaş öz ətrafında baş verənlərə diqqətlə baxsa, bizim nə qədər uğurlar əldə etdiyimizin canlı şahidi ola bilər. Ölkə prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsində yerli özünü idarəetmə qurumları da başarılar əldə edirlər. Elə bizim Mərdəkan bələdiyyəsi yaranandan sonra, ötən müddətdə yeni parklar sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin magistral yolunun ətrafında yaşıllaşdırma zolağı salınıb. Məhəllələr arası abadlıq işləri görülür. Bələdiyyəmizin hesabına “Şəhidlər Parkı” və “Mərasim Evi” inşa edilib. Mərdəkan qəsəbəsində 1918-ci ildə erməni quldur dəstələri ilə döyüşlərdə qəhrəmanlıq göstərən Mərdəkan şəhidlərinin xatirəsini yaşadan abidə ucaldılıb. Bu gün Xəzər rayonundakı möhtəşəm quruculuq işlərindən hamı qürur duyur. Mərdəkan Bələdiyyəsinin də bu işdə əməyi var. İlham Əliyev cənabları prezident olmaqla yanaşı, Azərbaycanda ilk dəfə fikir mühəndisliyi ideyasını dövlət quruculuğu siyasətinin ayrılmaz parçasına çevirib. Bələdiyyələr məhz bu mötəşəm ideya ilə uğurlar əldə edirlər.  

– Ölkəmizin 1-ci vitse-prezidenti və “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva 2005-2010-cu illərdə Xəzər rayonundan Milli Məclisə deputat seçilmişdir. 

– Elədir ki, var. Mehriban xanımın bir şüarı demək olar ki, Xəzər rayonunun, xüsusilə Mərdəkan sakinlərinin həsrətində olduğu bir ideyası ruh yüksəkliyi ilə qarşılanmışdı. Bu: “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” devizindən ibarət idi. Doğrudan da o, öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək problem də yoxdur. Xəzər rayonunun Mərdəkan, Buzovna, Qala, Şağan, Şüvəlan, Türkan, Zirə və Gürgən qəsəbələrinin abadlığı, sosial-iqtisadi həyat tərzi sanki yenidən dünyaya gəlib. Abadlıq və quruculuq işlərinin miqyası olduqca möhtəşəmdir. Ona görə də Xəzər rayonunda əhali yekdilliklə Mehriban xanım Əliyevanın iki dəfə Milli Məclisə deputat seçilməsi ideyasını müdafiə etmişdir. 

– Mərdəkan Bələdiyyəsinin sədr müavini kimi qəsəbənizdəki quruculuq işlərində xalqla birgə necə çalışırsınız? 

– Bütün bələdiyyələrdə olduğu kimi, bizim gündəlik əsas işimiz xalqla canlı ünsiyyətdə olmaqdır. Ölkə Prezidenti tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının nəticəsində quruculuq işlərinin miqyası misilsizdir. Bizim fəaliyyət göstərdiyimiz Mərdəkan qəsəbəsində aparılan abadlıq işləri qəsəbənin simasının müasirləşməsinə səbəb olub. Bütün bunlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. Bələdiyyəmiz tərəfindən bir sıra sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edirik. İmkansız, tənha və xəstə insanların qayğısına qalmaqla yanaşı, onların digər problemlərinin həllində yaxından iştirak edirik. Vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər və şikayətlər daxil olduğu zaman onları yerindəcə həll etməyə çalışırıq. Bələdiyyəmizin qapıları bütün günü əhalinin üzünə açıqdır. Buna görə də bizə etimad göstərirlər. Mərdəkan qəsəbəsinin tarixən böyük ənənələri olub. Buradan çıxmış görkəmli din alimləri, ziyalılar, şairlər, elm xadimlərinin keçdiyi ömür yolu bizlərin qürur mənbəyimizdir. Milli bayramlarımızı, dövlət əhəmiyyətli tədbirlərimizi xalqla birlikdə keçiririk. Qəsəbənin sakinləri böyük məmuniyyətlə bizim tədbirlərimizdə yaxından iştirak edirlər. 

– Mərdəkan qəsəbəsinin əhəmiyyəti nədən ibarətdir? 

– Bizim qəsəbənin tarixini sübut edən yüzlərlə abidələr mövcuddur. XIII-XIV əsrlərə aid qalaların əzəməti bu gün də onu seyr edənlərin heyrətləndirir. Qəsəbə haqqında məşhur qədim yunan tarixçilərindən Strabon və Heredot eramızdan öncə öz əsərlərində məlumatlar veriblər. Qədim mənbələrdə Mərdəkan “Qızmar qum üzərində cənnətin bir guşəsi” adlandırılıb. Coğrafi baxımdan relyefi, yəni dendarisi elədir ki, hər zaman buraya insanlar maraq göstəriblər. Azərbaycanda ilkin kapitalizmin yarandığı dönəmdə Bakı milyonçularının maraq dairəsində olan məsələlərdən biri də Mərdəkanda özlərinə mülk tikdirmək və buranı cənnətə çevirmək olubdur. Hacı Zeynalabdin Tağıyev, Teymur Bəy Aşurbəyov, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digər zənginlərin inşa etdirdikləri bağ evləri, qotik incəsənətin nadir memarlıq tikililər indinin özündə belə, insanların heyrətinə səbəb olur. Bakının ətraf qəsəbələri arasında ən çox muzeylər Mərdəkanda yerləşir. Qəsəbəmizin dənizkənarı iqlim kurortu, sanatoriyalar, kurort poliklinikası hər il yerli və xarici turistlərin bura axınına səbəb olur. Bu ənənə indi də davam edir.

– Sizə verə bilmədiyimiz hansı sualı cavablandırmaq istərdiniz? 

– Mən “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı yarandığı gündən baş redaktor Eldar İsmayılovla və yaradıcı heyətlə yaxından ünsiyyətdə olmuşam. Bu jurnal bütün diaspor təşkilatlarımızın fikir tribunasıdır və dünya azərbaycanlılarını öz ətrafında birləşdirən mənəvi körpüdür. “Dədə Qorqud” Milli Fondunun tədbirlərində demək olar ki, 20 ildir iştirak edirəm. Uğurlarınıza şəxsi uğurum kimi yanaşmışam. Jurnalın hər yeni sayını Mərdəkan qəsəbəsində oxuculara tanıdıram. Bələdiyyə sahəsində çalışdığım üçün bu demokratik institutsional sistemin qanunlar toplusunu yaradan mərhum professor Zahid Qaralovun xatirəsini ölkəmizin bütün bələdiyyə işçiləri minnətdarlıqla yad edirlər. Əsil vətəndaş cəmiyyətinin müasir düşüncə ilə qurulmasının səbəbkarı Zahid müəllimdir. Zahid müəllimin çıxışlarını izlədiyimiz zaman hər bir fikrin məntiqinə necə üstünlük verdiyinin şahidi oluruq. Müasir Azərbaycan dövlətçiliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin Zahid Qaralov kimi yüksək zəkaya malik insanlara nədən önəm verdiyinin məntiqini dərk etdim. Bələdiyyələr yeganə qurumdur ki, cəmiyyət içində müəyyən təbəqələrin dövlətə olan inamını daha da gücləndirirlər. Bu gün ölkəmizin inkişafında bələdiyyələrin gerçək siması budur. Ona görə də, dövlətimizin bələdiyyələrin qarşısında qoyduğu vəzifəni bizlər milli borc kimi qiymətləndiririk. Bütün varlığımızla çalışırıq ki, hər bir vətəndaşın dövlətə olan inamını öz əməlimizlə daha da gücləndirək.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru